21 Noyabr 2017 16:34
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını öldürməkdə təqsirli bilinən 1956-cı il təvəllüdlü Ramiz İbrahimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə Ramiz İbrahimovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

İttihama görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Ramiz İbrahimov arvadı Səmayə Camalovaya 7 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində keçinib.

Evində arvadını öldürən Ramiz İbrahimov həyətə çıxıb, orada öz qarnına 8 bıçaq zərbəsi vuraraq intihara cəhd göstərib, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Onun həyatını xilas etmək mümkün olub.

Ramiz İbrahimov hadisəni törədən zaman həddindən artıq sərxoş olub. Elə ər-arvad arasında mübahisə də bu səbəbdən yaranıb. Qadın ərinin hər gün içki içməsinə etiraz edib. Bu səbəbdən evdə tez-tez mübahisələr yaranıb.

Ramiz İbrahimov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hökümdən narazı qalan təqisrləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasını daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Ramiz İbrahimovun apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov