22 Noyabr 2017 10:39
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Ceyhun Nəcəfov və Hüseynağa Əsədovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Daha sonra onların anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə iclası dekabrın 1-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Hüseynağa Əsədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və şərti cəza təyin edilib.

Hökümdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib. Onlar barələrində olan hökmün dəyişdirilməsini, cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Həmçinin zərərçəkmişlər də apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxslərin barəsində olan cəzaların sərtləşdirilməsini tələb ediblər.

Hüseynağa Əsədov Odlar Yurdu Universitetində dərs deyib. Hazırda təqaüddədir. Onun və Ceyhun Nəcəfovun universitetə tələbə düzəltmək adı ilə dələduzluq etdikləri bildirilir.

Ceyhun Nəcəfov və Hüseynağa Əsədov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunublar.

Qeyd edək ki, ibtidai istintaq və birinci instansiya məhkəməsi dövründə Ceyhun Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilsə də, 80 yaşlı Hüseynağa Əsədov zamində olub.


Müəllif: Hacı Zeynalov