22 Noyabr 2017 12:39
3 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Quli Bakinski ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Məhəbbət Namazov ifadə verib.

O, hadisədən əvvəl evinin qapısını eynəkli bir adamın döydüyünü bildirib: “Həmin şəxs məndən həyətdəki maşınımı kənara çəkməyimi istədi. Uşağımla çölə çıxanda polis əməkdaşları mənim əllərimi bağladı, sonra Nəsimi rayon Polis İdarəsinə apardılar. Orada bir rəhbər şəxs mənə Qulidən sual verdi. Soruşdu ki, sən onun nəyisən? Mən də qohumum olduğunu dedim.

Sonra stolun üzərinə vərəq qoydular ki, onun haqda nə var, danış. Mən də dedim ki, Quli 22 ildir həbsdərdir, mən başqa heç nə bilmirəm. Dedilər ki, sən onun yaxın adamı olmusan, danışmalısan. Sonra stolun üstünə şəkil qoydular, məni dindirən şəxs bu barədə də soruşdu. Həmin şəxs narkotik gətirib məni onunla ittiham edəcəyini qeyd etdi”.

Məhəbbət Namazov bildirib ki, sənədlərə özü qol çəkməyib. O, həmin vaxt təzyiqlərlə üzləşdiyini, amma tələbləri yerinə yetirmədiyini də deyib.

Məhkəmədə Məhəbbət Namazov qanunsuz silah saxlama ittihamını qəbul etməyib: “Ağstafada olan evimdən silah axtarılan zaman hal şahidləri yox idi. Guya evimdən silah tapılıb. Hal şahidlərini sonradan dəvət etdilər. Məhkəmədə ifadə verəndə hal şahidləri də bunu təsdiqlədilər”.

Növbəti proses noyabrın 29-da davam edəcək.

İttihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhəbbət Namazov kriminal aləmdə Quli Bakinski ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsidir.


Müəllif: Hacı Zeynalov