22 Noyabr 2017 15:25
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Vəliyəddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vəliyəddin Əhmədov 12 dekabr 2016-cı ildə saat 14.30-da Yevlax rayonu ərazisindən keçən magistralda “Mitsubishi Airtrek” markalı avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən İslam İsmayılovun idarə etdiyi “Vaz-21074” markalı avtomobilin yoluna çıxaraq onunla toqquşub.

Nəticədə “Vaz”ın sürücüsü İslam İsmayılov və onun sərnişini olan gəlini Səadət İsmayılova ölüblər. Hadisədə “Vaz-21074” markalı avtomobilə 5007 manat ziyan dəyib.

Qəza zamanı “Mitsubishi Airtrek” fırlanaraq birinci toqquşma yerindən 27 metr aralıda olan Əlizamin Abdullayevin idarə etdiyi “Vaz-2106” markalı avtomobilə də dəyib. Həmin avtomobilə isə 815 manatlıq maddi zərər dəyib.

Vəliyəddin Əhmədov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla erhtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəliyəddin Əhmədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 1 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Protest Şəki Apelyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.

Təqsirləndirilən Vəliyəddin Əhmədov bildirib ki, törətdiyi əməldə özünü tam təqsirli bilir, əməlindən çox peşmandır. Onun sözlərinə görə, gününü mənəvi iztirab və vicdan əzabı ilə keçiririr: “Ömrümdə birinci dəfə yol-nəqliyyat hadisəsi törətmişəm. Bu vaxta qədər heç vaxt yol hərəkəti qaydalarını pozmamışam və inzibati məsuliyyətə cəlb edilməmişəm. Zərərçəkmiş şəxslə barışıq əldə etmişəm, onun məndən şikayəti yoxdur”.

Sürücü qeyd edib ki, mərhumların ailələrinə əlindən gələn köməyi göstərib: “Onlardan dönə-dönə üzr istədim, məni bağışlamalarını xahiş etdim. Onlar da məni bağışladılar. Yaşım az deyil, həmçinin hadisədən sonra keçirdiyim stress və aldığım xəsarətlər nəticəsində səhhətim xeyli pisləşib. Yoldaşım da ağır xəstəlikdən əziyyət çəkir. Onun mənə ehtiyacı var. Odur ki, apelyasiya protestinin təmin edilməməsini istəyirəm”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Elgiz Zaməddinov bildirib ki, mərhum Səadət İsmayılova onun bacısıdır: “Dekabrın 12-də saat 17 radələrində yaşadığım Mingəçevir şəhərində bildim ki, bacımın sərnişini olduğu avtomobil qəzaya uğrayıb. Dərhal Yevlax rayonuna Qaraoğlan kəndinə gəldim. Bacım aldığı xəsarətlərdən ölmüşdü. Onu dekabrın 13-də Qaraoğlan kəndində dəfn etdik. Təqsirləndirilən şəxs Vəliyəddin Əhmədov 15000 manat maddi yardım göstərib. Ondan heç bir şikayətim yoxdur”.

Mərhum İslam İsmayılovun oğlu Ağasəf İsmayılov da eyni məzmunlu ifadə verib, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərarı elan edib, prokurorun protesti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov