23 Noyabr 2017 10:24
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyev barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin İlham Baxşıyev barəsində çıxardığı hökm dəyişdirilib. Məhkəmə onun barəsində şərti cəza təyin edib. Aygün Akimovanın isə apelyasiya şikayəti təmin olunmayıb.

İttihama görə, Aygün Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti və vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib.

İttiham aktında həmin cinayət işində onun İlham Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Akimova 12 il, İlham Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apelyasiya şikayətləri veriblər.

Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.


Müəllif: Hacı Zeynalov