24 Noyabr 2017 09:59
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanov barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Malik Əliyev 10 il, Vüqar Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, Malik Əliyev və Vüqar Osmanov Bakıda pul köçürmələri ilə məşğul olaraq, cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər.

Onların Bakıda yerləşən “AgBank”-da xidməti otaqları da olub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.


Müəllif: Hacı Zeynalov