25 Noyabr 2017 11:40
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam öldürməkdə, dələduzluqda, soyğunçuluqda və oğurluqda təqsirləndirilən Zakir Məmmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, bu il fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonundakı mənzilində tapılıb.

Məlum olub ki, o, həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qatil tutulub.

İstintaq materiallarına görə, Zakir Məmmədov Firudin Hüseynovdan su qızdırıcısı almaq üçün onun evinə gəlib. Evdə onların arasında pul mübahisəsi yaranıb.

Bu zaman Zakir Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək Firudin Hüseynovun başına bir neçə zərbə vurub. Firudin Hüseynov oradaca ölüb. Zakir Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.

İstintaq zamanı Zakir Məmmədovun dələduzluq əməli törətdiyi, buna görə qətl hadisəsindən əvvəl dələduzluq etdiyi üçün axtarışda olduğu aydınlaşıb. O, aptekə daxil olaraq Tərlan Aslanovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alaraq aptekdən çıxıb və oradan uzaqlaşıb.

Bundan əlavə, o, Anar Kərimovun 1200 manatlıq əmlakını soyğunçuluq yolu ilə ələ keçirib

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 180-ci (soyğunçuluq) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.

Zakir Məmmədov məhkəmədə ifadəsi zamanı Firudin Hüseynovun qətlini necə və nə üçün törətdiyini açıqlayıb: “Mən onu qəddarcasına öldürməmişəm. Sadəcə başının arxasında bir zərbə vurmuşam. Bir, ya da yeddi zərbə olsun, bu qətli mən törətmişəm. Amma 7 zərbə vursaydım, elə də deyərdim. Mən onu bir dəf vurdum, o yıxıldı. Sonra kimin onu şkafın, ya stolun altına sürüdüyünü bilmirəm. Onu tamah niyyəti ilə öldürməmişəm. Evdə 2500 yox, 3500 dollar var idi, özü mənə demişdi. Elə hadisə günü də mübahisəmiz pul üstündə oldu, ondan əvvəl mənə borca pul vermişdi. Tamah məqsədi ilə öldürsəydim, 3500 dolları da aparardım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, evdə onların ikisindən başqa heç kim olmayıb: “Özümü yaxşı müdafiə etməyi bacarıram, çünki Fransada hüquq təhsili almışam”.

Qətli törədən 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransanın Strasburq şəhərində ali təhsil alıb. Onun bir övladı var. Əvvəllər dələduzluq etdiyi üçün axtarışda olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zakir Məmmədov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsi istəyib.

Zakir Məmmədovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakimi Qail Məmmədovun icraatında araşdırılır.

Proses noyabrın 28-də davam edəcək.


Müəllif: Hacı Zeynalov