6 Dekabr 2017 10:50
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan verilmiş kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Maşallah Əhmədovla bağlı kasasiya şikayətinə 2018-ci ilin fevralın 6-da baxılacaq.

Kasasiya şikayəti hakim İmran Hacıqayıbovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qərarından zərərçəkmiş Yusif Əzizov kasasiya şikayəti verib.

O, qeyd edib ki, külli miqdarda dələduzluq etməkdə suçlanan Maşallah Əhmədovun cəzasının 8 ildən 2 ilə endirilməsi qanunsuzdur. Zərərçəkmiş Maşallah Əhmədovun cəzasının ağırlaşdırılması istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əhmədov və onun vəkillərti apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Maşallah Əhmədovun cəzası 2 ilə endirilib.

Maşallah Əhmədov vurulan ziyandan 11 min manatı birinci instansiya məhkəməsi zamanı, 32 min manatı isə Bakı Apelyasiya Məhkəməsi zamanı ödəyib.

Yusif Əzizov Maşallah Əhmədovdan ümumilikdə 300 min manat tələb edir.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Xatırladaq ki, Maşallah Əhmədov vaxtından əvvəl şərti cəza ilə azadlığa buraxılması ilə bağlı yerli məhkəməyə müraciət edib. Onun müraciəti təmin edilərək çəkilməmiş hissəsi şərti hesab edilib və vaxtından əvvəl azadlığa buraxılıb.

Maşallah Əhmədovun azadlığa buraxılması ilə bağlı apelyasiya şikayəti və protesti verilməyib.


Müəllif: Hacı Zeynalov