6 Dekabr 2017 21:23
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda keçirilən toy məclisində kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində yerləşən "Fərid" şadlıq sarayında baş verib.

Toyda rayonun Ətçələr kənd sakini Sərxan Əsədov Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Orxan Xudiyev və onun dostu, 1988-ci il təvəllüdlü Emil Əhmədovu bıçaqlayıb.

Hər iki yaralı Şirvan Şəhər Xəstəxanasına gətirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisə yerinə Sabirabad rayon polis şöbəsinin əməkdaşları gəlib.

Cinayəti törədən Sərxan Əsədov qaçaraq gizlənib. Polis onun həbs edilməsi üçün əməliyyat keçirir. İlkin məlumata görə, hadisə pul borcu üstündə baş verib.

Sərxan Əsədov qohumu olan Orxan Xudiyevdən borc pul alıb, lakin qaytarmayıb. Toy məclisində eyni masada əyləşən qohumlar buna görə mübahisə ediblər. Bu zaman Sərxan Əsədov masadakı bıçağa əl atıb. O, əvvəlcə Orxana, sonra isə onları aralamaq istəyən Emil Əhmədova bıçaq xəsarətləri yetirib.

Məlumata görə, Sərxan Əsədov bəyin dayısı oğludur. Faktla bağlı Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov