7 Dekabr 2017 13:08
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda, Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru Diləfruz Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Diləfruz Mustafayevaya hökm oxunub.

Məhkəmənin hökmü ilə Diləfruz Mustafayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il sınaq müddəti olmaqla şərti cəza alıb.

İttihama görə, Diləfruz Mustafayeva paytaxtda Sədiyyə Tağıyevaya dələduzluq edib.

Bundan başqa, Diləfruz Mustafayevanın barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. O, xeyli sayda Sabirabad rayon sakininin adına Kapital Bank ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib.

Diləfruz Mustafayevanın barəsində 15 iyul 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra ev dustaqlığına buraxılıb.

Diləfruz Mustafayevanın Sabirabad rayon sakinlərinə dələduzluq əməli ilə bağlı cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.


Müəllif: Hacı Zeynalov