9 Dekabr 2017 01:23
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, Oğuz rayon polis şöbəsinə qanunsuz at əti kəsimi ilə məşğul olan Vüqar Ziliyev barəsində məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı Vüqar Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib.

Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kq-a yaxın at əti aşkar olunaraq götürülüb.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib.

Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeyanlov