9 Dekabr 2017 09:46
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Elnur Fərzəliyev, Ceyhun Bədəlov, Rəşad Abbasov və Azad Fərzəliyevin barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, təqsirləndirilən Elnur Fərzəliyev digər şəxslərlə cinayət əlaqəsinə girərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2016-cı ildə internet saytları vasitəsilə övladının müalicəsi ilə bağlı maddi yardım ayrılması üçün Heydər Əliyev Fonduna müraciət edən Fərhad Feyzullayevin mobil telefonuna zəng vurub, özünü Heydər Əliyev Fondunun işçisi kimi təqdim edib.

O, yalandan Fərhad Feyzullayevin müalicəsi ilə bağlı dövlət tərəfindən 1500 manat ayrıldığını bildirib.

Daha sonra Elnur Fərzəliyev həmin şəxsi aldadaraq əvvəlcədən rüsum ödənilməsi adı ilə 152 manat pulu poçt vasitəsilə tanışı İsmayıl İsmayılovun adına göndərməli olduğuna inandırıb. Fərhad Feyzullayev pulu həmin şəxsin hesabına yollayıb.

Bundan başqa, Elnur Fərzəliyev və digərləri eyni əməllə 1-ci qrup əlil Rasim Şahməmmədovun 320 manat pulunu, Mahirə Mustafayevanın 160 manat pulununu dələduzluq yolu ilə ələ keçiriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 29, 178.2.2-ci (dələduzluq etməyə cəhd, təkrar törədildikdə) maddələri ilə ittiham ediliblər.

Elnur Fərzəliyevin barəsində əlavə 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Fərzəliyev 8 il, Ceyhun Bədəlov 5 il, Rəşad Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Azad Fərzəliyevin barəsində isə 2000 manat məbləğində cərimə cəzası kəsilib və o, məhkəmə salonundan azadlığa buraxılıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar təyin olunan cəzanın ağır olduğunu qeyd ediblər, barələrində həbs olmayan cəza növünün təyin edilməsini istəyiblər.

Növbəti proses dekabrın 18-də davam edəcək.


Müəllif: Hacı Zeynalov