9 Dekabr 2017 10:56
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilən Marat Ueldanov Penitensiar xidmətin Xəzər rayonunda yerləşən müəssisələrindən birində cəza çəkirdi.

Müəssisənin rəisi Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə təqdimatına Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatı təmin edib və Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Bu qərardan Marat Ueldanov apelyasiya şikayəti verib. O, şikayətində Xəzər rayon Məhkəməsinin qərarının ləğv edilməsini istəyib.

Marat Ueldanovun şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Qail Məmmədovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası dekabrın 12-nə təyin edilib.

İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Marat Ueldanovun şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov