9 Dekabr 2017 12:55
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən Almaz Qurbanova və oğlu, sabiq polis əməkdaşı Şaiq Qurbanovun barələrində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Almaz Qurbanova 2012-ci ildən etibarən 10 qadının etibarından sui-istifadə edərək paltar ticarəti adı altında onların ümumilikdə 130 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Müəyyən edilib ki, Almaz Qurbanova və onun oğlunun əməllərindən vətəndaşlar Gülbəniz Səttərova 22.820 manat, Səidə Yusifova 11.300 manat, Rəhilə Rəsulova 33.787 manat, Əntiqə Əsədova 38.949 manat, Elyanə Məmmədova 1130 manat, Sevda Seyfəliyeva 3.500 manat, Minayə Rəhimova 5.500 manat, Gülər Rəhimova isə 13.500 manat dəyərində zərər çəkib.

Zərərçəkmişlərin paltar və qızıl alverçiləri olduğu müəyyənləşib.

Hər iki şəxs Cinayət Məcələsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Almaz Qurbanova barəsində həbs qətimkan tədbiri seçilsə də, oğlu Şaiq Qurbanovun barəsində başqa yerə getməmə qətimkan tədbiri təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Almaz Qurbanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Şaiq Qurbanov isə 7 il müddətinə azadlıqdan məhrum olunub və onun barəsində seçilmiş başqa yerə getməmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs edilib.

Hökmdən narazı qalan hər iki şəxs apelyasiya şikayəti verib. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Növbəti proses dekabrın 21-də davam edəcək.


Müəllif: Hacı Zeynalov