15 Dekabr 2017 13:12
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Ağdaş rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 14-də saat 10 radələrində Ağdaş şəhər sakini Ətraf Nəsibov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə hadisənin rayon sakini Tərlan Hacıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Tərlan Hacıyev Qəbələ rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Hadisəni törədərkən istifadə etdiyi bıçaq maddi sübut kimi ondan götürülüb.

Qeyd edək ki, hadisə dünən Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb. 2000-ci il təvəllüdlü Ağdaş sakini Ətraf Nəsibov qətlə yetirilib. O, Ağdaş Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsi olub.

Məlumata görə, onu həmyaşıdı olan Tərlan Hacıyev kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

Qətlə yetirilən Ətraf Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı Tərlan Hacıyev Ətraf Nəsibovu söhbət etmək üçün çağırıb və onu bıçaqlayaraq öldürüb.

Tərlan Hacıyev həmyerlisi Ətraf Nəsibovu qətlə yetirdikdən sonra Qəbələ rayonunda yaşayan dayısının evinə qaçıb.

Dayısı məsələni bildikdən sonra ona polisə təslim olmasını deyib və bununla razılaşmayan Tərlan Hacıyev dayısıgildən yaxınlıqdakı meşəyə doğru qaçıb. Dayısı bununla bağlı polisə məlumat verib, daha sonra bacısı oğlunun ardınca gedərək onu tapıb və əraziyə gələn polis əməkdaşlarına təhvil verib.


Müəllif: Hacı Zeynalov