15 Dekabr 2017 14:47
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Səbinə Hüseynovaya 5 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Səbinə Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

İstintaq dövründə Səbinə Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə məhkəmə iclası zamanı dövlət ittihamçısı çıxış edib və Səbinə Hüseynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra Səbinə Hüseynova növbəti proseslərə gəlməyib. Bu səbəbdən bu il dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.

Röya Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Səbinə Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, əməkdar artist Röya Ayxan bir neçə il bundan əvvəl Səbinə Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə Səbinə Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün Röya Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.


Müəllif: Hacı Zeynalov