10 Yanvar 2018 19:10
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirli bilinən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihamaq görə, ötən il avqust ayında, gecə saat 02 radələrində Nizami rayonunda Namiq Hüseynov binanın arxa tərəfində tanışı Qalib Məmmədovla rastlaşıb.

Bu zaman Qalib Məmmədov Namiq Hüseynova qeyri-rəsmi nikahda yaşadığı qadına qısqandığını deyib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Qalib Məmmədov Namiq Hüseynovu döyüb. Yüngül xəsarət alan Namiq “Qızıl Qaya” kafesinə gəlib. O, kafenin mətbəxindən bıçaq götürərək geri qayıdıb. Bir qədər keçəndən sonra o, Qalib Məmmədovla yenidən dava edib.

Namiq Hüseynov əvvəlcə onun üzünə əli ilə zərbə endirib, sonra bıçaqla Qalib Məmmədovun kürək nahiyyəsinə bir neçə bıçaq vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Namiq Hüseynov həbs edilib. Onun barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

Məhkəmədə ifadə verən Namiq Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: “Aramızda mübahisə oldu deyə onu bıçaqladım. Qalibi öldürmək niyyəti ilə vurmamışam”.

Daha sonra ifadə verən zərərçəkmiş Qalib Məmmədov bildirib ki, təqsirləndirilən şəxsi əvvəllər tanıyıb: “Namiqlə tanışlığım var idi. Aramızda əvvəl dava oldu. Sonra məni bıçaqla vurdu”.

Qalib Məmmədova təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib: “Bıçaq yarasından sonra hələ də ağırılarım var. Şikayətçi deyiləm, amma mənim müalicəmə yardım edilməsini istəyirəm”.

Növbəti proses yanvarın 17-də davam edəcək.


Müəllif: Hacı Zeynalov