11 Yanvar 2018 17:16
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:10

Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standartın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

Hazırda proses davam edir.

***

Prosesdə ləğv edilmiş Bank Standard QSC-nin zərərçəkmiş qismində tanındığı elan olunub.

Onun məhkəmədə nümayəndəsi isə Azər Tanırverdiyevdir.

Daha sonra Çingiz Cəlilovun vəkili Janna Bağırova vəsatət verib. O, Çingiz Cəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Həmçinin vəkil qeyd edib ki, Çingiz Cəlilovun özünün və övladlarının adına olan əmlaklana həbs qoyulub. Həmin əmlakların ümumi dəyəri 7 milyon 300 min manatdır.

Məhkəmə Çingiz Cəlilovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə baxışı yanvarın 18-ə təyin olunub.

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.

***

16:04

“Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin keçmiş sədri Səlim Krimanın banka vurduğu ziyanın məbləği məlum olub.

Teleqraf.com-un xəbərinə görə, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ittiham aktında qeyd edilib ki, Səlim Kirman ümumilikdə 41 epizod üzrə təqsirli bilinir.

O, 104 milyon 7 min 656 manat məbləğində əmlakı mənimsəməklə talama, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Bank Standard QSC-yə 10 milyon 749 min 500 manat, ümumilikdə isə 114 milyon 757 min 155 manat zinan vurub.

Qeyd edək ki, Səlim Kriman Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxlaq axtarışa verilib.


Müəllif: Hacı Zeynalov