12 Yanvar 15:04

Çudo Peçka və ÇP Aqro MMC-in təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilovun ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.

Teleqraf.com Pərviz Cəlilovun prokurorluqda verdiyi ifadəni əldə edib. İbtidai istintaq zamanı Pərviz Cəlilov bildirib ki, 2001-ci ildə qardaşı Çingiz Cəlilov “Çudo Peçka”nı təsis edib, o da şirkətin baş direktoru təyin olunub.

Pərviz Cəlilovun ifadəsinə görə, ilk fəaliyyətə “MUM” univermağının yanında 1 mağaza açmaqla başlayıb: “Mənim əsas işim şirkətin ümumi fəaliyyətinə rəhbərlik etmək idi, mühasib isə Fərman Quliyev idi. Biz işə başlayanda 10-15 işçimiz var idi. Altı ay sonra ikinci mağaza açıldı”.

Pərviz Cəlilov qeyd edib ki, 2012-ci ildə də “Sahil” metrostansiyasının yaxınlığında 3-cü mağazanı açıblar: “2005-ci ildə artıq 4 mağaza, 60 işçi var idi. Bir işçinin orta aylıq əmək haqqısı 150-180 manat idi. Mağazalar icarəyə götürülürdü”.

Pərviz Cəlilovun sözlərinə görə, 2006-cı ildə tanışı Yuri Vasilyeviç vasitəsilə “Bank Standard” QSC-nın İdarə Heyətinin sədri Səlim Krimanla tanış olub: “Səlim şirkətin daha da genişləndirilməsi üçün bankın kömək edə biləcəyini, yüksək məbləğli kredit verə biləcəyini dedi. Mən də bu təklifi qardaşım Çingiz Cəlilovla müzakirə etdim və yeni mağazaların açılması üçün bankdan kredit götürməyə razılıq verdik. Mən kredit üçün banka müraciət etdim, Səlim Kirman dedi ki, məbləğ yüksək olduğu üçün bölünərək ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilməlidir. Bundan sonra Çingizlə mən qohumlarımız və işçilərlə danışaraq onları adlarına kredit götürülməsinə razı saldıq. Biz həmin adamlara dedik ki, kredit üçün girov qoyacağıq və aylığı özümüz ödəyəcəyik. Mən, mühasib Fərman Quliyev və adına kredit götürüləcək şəxslər birlikdə bankın baş ofisinə getdik. Həmin adamlar kredit üzrə sənədləri imzalayıb kassadan pulu götürüb oradaca Fərman Quliyevə verirdilər. Fərman da pulu şirkətin mühasibatlığına apardı. Adlarına kredit götürdüyümüz şəxslərə bir qəpik də vermədik”.

Pərviz Cəlilov qeyd edib ki, kreditlərə görə Qusar rayonu ərazisindəki torpaqları girov qoyub: “2006-2009-cu illərdə təxminən 18 milyon manat kredit götürdük. Həmin pullarla əlavə 7 mağaza açıldı. Bir mağazanın açılması üçün 400 min–1 milyon manat arası pul xərclənirdi. Mağazaların icarə haqları da 500-2000 manat arası dəyişirdi”.

Şahid bildirib ki, şirkətin bu günə kimi təxminən 300-350 işçisi olub, 2006-2009-cu illərdə dövriyyəmiz günlük 40-50 min manat idi: “Bu üç il ərzində 15 milyon manat kredit ödəmişik, bütün götürülən kreditlər şirkətə xərclənib. 2009-cu ildə ödənilməmiş kredit qalırdı, buna görə də mənim, qardaşım Çingiz Cəlilovun, övladları Anar, Teymur və başqa 3 nəfərin adına kredit götürüb borcu qaytardıq”.

Pərviz Cəlilovun sözlərinə görə, 2011-ci ildə kreditlərin ödənişində problemlər, axsamalar yaranıb: “Həmin il şirkətin idarəçiliyi Səlim Kirmana verildi. 2012-ci ildə Səlim şirkətin bütün borclarını silməli, mən, Çingiz və iki oğlundan başqa digər işçilərin adına olan kredit müqavilələri bağlanmalı idi. Amma Səlim vədinə əməl etmədi və 2014-cü ildə bizi məhkəməyə verdi. Kreditlər götürülərkən məqsəd kimi “bağ evlərinin və fərdi yaşayaş evlərinin alınması, təmir edilməsi”nin göstərilməsi Səlim Kirmanın təklifi idi. Biz heç bir ev almamışıq, pullar şirkətə xərclənib”.

Pərviz Cəlilov müstəntiqin “illik dövriyyəniz 4,5-5 milyon manat idisə, niyə vergi orqanlarına qat-qat az rəqəmlər təqdim edilib” sualına da cavab verib. O, bu işlərdən xəbərsiz olduğunu, mühasibatlığın bu işlərlə məşğul olduğunu deyib.

Qeyd edək ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, ifadəsi məlum olan Anar Cəlilov müğənni Röya Ayxanın keçmiş əridir.


Müəllif: Hacı Zeynalov
Загрузка...