12 Yanvar 2018 23:38
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 1970-ci il təvəllüdlü Araz Məmmədovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Oqtay Əliyev ifadə verib.

O, bildirib ki, Bakı Beynəlxalq Avtovağzalında əməliyyat keçiriblər: “İki-üç gün öncə bizə əməliyyat məlumatı daxil olmuşdu. Vətəndaşa yaxınlaşaraq dedik ki, üzərində qanunsuz nə varsa, təqdim et. Cibindən pul və heroin çıxararaq təqdim etdi. Özü dedi ki, narkotik aludəçisi deyil. Bildirdi ki, 20 dəqiqə əvvəl avtovağzalın ərazisində suyu zibil qutusuna atarkən paket görüb. Həmin paketi götürdüyünü, onun içində narkotik olduğunu görüb”.

Təqsirləndirilən Araz Məmmədov bildirib ki, həbs olunan gün yaşadığı Qazax rayonundan paytaxta gəlib. Onun sözlərinə görə, paytaxta gəlməkdə məqsədi Daxili İşlər Nazirliyində istintaqı aparılan başqa bir işdə ifadə verməsi ilə bağlı olub.

Araz Məmmədov qeyd edib ki, paytaxta çatan zaman onunla əlaqə saxlayan nazirlik işçisi Əşrəf müəllimə zəng edib, oradan birbaşa nazirliyə aparılıb: “Orada məni sorğu-sual etdilər ki, Moskvada filan davada olmusan, ya yox. Sorğu-sual ediləndən sonra nazirlikdən çıxdım və rayona getmək üçün avtovağzala yollandım”.

Təqsirləndirilən şəxs bildirib ki, avtovağzalda yarım saat dayanandan sonra polislər ona yaxınlaşıb: “Onlara dedim ki, elə indicə nazirlikdən gəlirəm. Məni tutub maşınla apardılar. Mənə bunlar heç nə etmədilər, başqa yerə göndərdilər. Nə oldusa, orada oldu”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ona saxlanıldığı yerdə işgəncə veriblər: “Onlara dedim ki, müharibədə zədə almışam, gözümün biri görmür, başıma vurmayın. Kişini döyərlər, amma əli bağlı döyməzlər”.

Növbəti proses yanvarın 18-də davam edəcək.


Müəllif: Hacı Zeynalov