15 Yanvar 2018 15:10
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 13-14-də ümumi çəkisi 32 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 4 kiloqram heroin, 5 kiloqrama yaxın tiryək və 23 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb.

Cəlilabad rayon polis şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri ilə şəhər ərazisində Salyan rayon sakini Qismət Feyziyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış keçirilib.

Bu zaman yük yerində 4 kiloqram heroin, 1 kiloqram tiryək, 1970 ədəd metadon, 170 blok “NZ” və 214 blok “Manchester” markalı tütün məmulatları aşkar edilərək götürülüb. Sürücü və avtomobildə olan sərnişinləri - Yardımlı rayon sakinləri Hikmət Hüseynov, Mərhəmət Behbudov və onun qardaşı Hikmət saxlanılıblar.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Həsənov 39 ədəd “Mydrax” məhlulunu və 36 ədəd “Metadon”u 20 manata satarkən saxlanılıb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əhməd Məmmədovdan 22 kiloqram 850 qram marixuana, Astara rayon polis şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Quliyevdən 1 kiloqram 47 qram, yaşadığı evə baxış zamanı 2 kiloqram 104 qram tiryək, Masallı rayon polis şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş İmran Fərəcovdan 25,414 qram, yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov