19 Yanvar 2018 16:09
2 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Namiq Mustafayev ifadə verib.

O, hazırda Neftçilər Xəstəxanasında göz həkimi işlədiyini, Leyla Şıxlınskaya klinikası ilə də əməkdaşlıq etdiyini, əməliyyatlardan bir həftə sonra kassadan pul aldığını deyib: “Hər əməliyyatın qiyməti var. Məndə əməkhaqqı kartı olmayıb. Təxminən ayda 7-8 min manat pul almışam”.

Təqsirləndirilən Şəhla Abbasova da onun dediklərini təsdiq edib. Deyib ki, rəsmi sənədlərdə həmin şəxsin 180 manat əməkhaqqı aldığı qeyd edilib: “Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əməkhaqqı kartı açmışdıq. Lakin rəsmi maaş az göstərilirdi”.

Şahid Nuriyyə Qədirova klinikada ginekoloq kimi çalışdığını deyib: “Mən həmişə maaşımı vaxtında almışam. Əməkhaqqı kartım olmayıb. Lakin pulumu həmişə vaxtında almışam”.

Növbəti proses yanvarın 30-da davam edəcək.

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov