22 Yanvar 2018 11:40
3 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Lökbatan qəsəbəsində 1992-ci il təvəllüdlü Osman Abdullayev odlu silahla öldürülüb.

Teleqraf.com xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov həbs ediliblər.

İlkin ehtimala görə, Osman Abdullayev qisas məqsədilə qətlə yetirilib. Həsən və Emin onu hadisədən əvvəl söhbət etməyə çağırıblar. Yasamalın Alatava qəsəbəsəndə görüşən gənclər daha sonra mübahisələrini Lökbatan qəsəbəsində davam etdiriblər.

Emin Həmidovun 10 il əvvəl Osman Abdullayevin qətlə yetirdiyi Turala qohum olduğu bildirilir.

Qətlə yetirilən Osman Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb. O, 2008-ci ildə dostu Tural İbrahimovu öldürüb.

Tural həmin qətl hadisəsindən əvvəl Osmanın bacısı Vəfanı təhqir edərək, dünyasını dəyişmiş atasını söyüb. Bundan qəzəblənən Osman Abdullayev ov bıçağı ilə dostu Turalı bıçaqlayıb. Şəhər xəstəxanasına yerləşdirilən yaralı orada ölüb.

Həmin dövrdə məhkəmədə ifadəsində Osman Abdulayev Tural İbrahimovla dost olduğunu bildirib: “O, bizə gəlib-gedirdi. Bir dəfə eşitdim ki, bacıma evlənmək təklif edib. Bacım ərindən boşanıb. 2 uşaq anasıdır, o isə subay oğlandır. Buna görə biz razı olmadıq. Lakin Tural bizdən əl çəkmirdi. Dəfələrlə bizi təhqir edirdi. Ancaq atamın goruna söyməsinə göz yuma bilmədim”.

Yunan-roma güləşi üzrə idman ustalığına namizəd Osman Abdullayev bu əməlinə görə 8 il 6 ay həbs cəzası alıb və həbsxanada yatan gənc bir neçə il əvvəl həbsdən azad edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov