22 Yanvar 2018 12:08
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xüsusi təyinatlı vaqondan qaçan və qəsdən adam öldürməkdə təqsirli bilinən Əli Ağami, Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlanır.

Teleqraf.com-un məlumatına görə, Əli Ağami və onunla birlikdə mühakimə olunanların şikayətinə Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baxılacaq.

Prosesin ilkin baxış iclasının bu gün baş tutması gözlənilir.

Qeyd edək ki, Əli Ağami Lənkəran Ağır Cinayətlər Məhkəməsininin hökmündən narazı qalıb. O, cəzasının yüngülləşdirilməsini istəyir.

Əli Ağami ilə birlikdə mühakimə olunan Maqa Hacıqabullu, Məhəmməd Heydərov, Marojna ləqəbli Tahir Məlikov və Əfsər İbrahimov da apelyasiya şikayəti veriblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinim hökmü ilə Əli Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, ölüm işinə görə Əli Ağami ilə birlikdə məhkəmə qarşısına çıxarılan digər təqsirləndirilən şəxslər - Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun hər birinə 18 il həbs cəzası verilib.

"Qoca" ləqəbli Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı öldüyünə görə hökmdə ona cəza müəyyən edilməyib.

Xatırladaq ki, qəsdən adam öldürməkdə təqsirləndirilən Əli Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Əli Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Bir neçə gün sonra Əli Ağaminin qardaşı onu Şirvan şəhər polis şöbəsinə apararaq istintaqa təhvil verib. Bundan bir neçə gün sonra isə Etibar Məmmədov keçirilən əməliyyat zamanı öldürülüb.

İttihama görə, 2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzindəki kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib. Həmin vaxt qətli törədən Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Abdulla Hüseynov və 1985-ci il təvəllüdlü Tural Salmanov həbs edilib. Silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə “Makarov” tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.

Mübahisə noyabrın 5-də baş tutan və “Makarov” tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Sarıbalayev və kriminal aləmdə “Kiti Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətllə sonuclanan “razborka”nın davamıdır.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Salmanov və qətli törədən 1989-cu il təvəllüdlü Əli Ağami saxlanılıb.

Qan tökülsə də “razborka” səngimək bilməyib. Qətlə görə həbsə alınan Əli Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Zaur Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb.

Məlum olub ki, bu qəza da həmin qanlı “razborka”dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini “Maqa” ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq-mühafizə orqanlarına, DİN-in 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib.

Mahir Tahir oğlu evində Zaur Ağamiyə bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan Mahir Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Zaur Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub. Sonra isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin “Vosmoy” deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal “razborka”ya çağırıldığı haqda da məlumat var.

Bildirilir ki, Zaur Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu “razborka” məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.

Qeyd edək ki, Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb. Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Xatırladaq ki, hadisə zamanı qətlə yetirilən Zaur Sarıbalayev kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə “Lotu Quli”nin adımı kimi tanınıb.

Cinayət işi iki icraatda araşdırılıb.


Müəllif: Hacı Zeynalov