22 Yanvar 2018 16:50
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluqda və dələduzluqda təqsirli bilinən Sahilə Atamovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sahilə Atamova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, altı il öncə Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Hadisədən 5 il sonra - 2016-cı ilin avqustunda oğurluqda şübhəli bilinən ev sahibinin arvadı Elnurə Quliyeva və onun tanışı Sahilə Atamova saxlanılaraq Xətai rayon Polis İdarəsinə təhvil veriliblər.

Məlum olub ki, sözügedən oğurluq hadisəsi ev sahibəsinin öz razılığı ilə həyata keçirilib.

Müəyyən edilib ki, Sahilə Atamova rəfiqəsi Elnurə Əhmədovaya doğmalarının öləcəyini, baş verəcək bədbəxtlikdən “xram” adlanan ruha onları qoruyacağını xahiş edəcəyini inandırmaqla külli miqdarda pulu ələ keçirib.

Oğurluq hadisəsinə gəlincə isə, Sahilə Atamova mənzildəki qızıl-zinət əşyalarını verməyəcəyi təqdirdə bədbəxtliyin qaçılmaz olduğunu bildirib.

Elnurə Əhmədovanın etibarından sui-istifadə etməklə istintaqa məlum olmayan şəxslə əlbir olaraq, Zəfər Quliyevə məxsus Bakı şəhəri, S.Orucov küçəsi, 1184 ünvanındakı mənzildən 110 min manatlıq qızıl-zinət əşyalarını aparıb. Amma bununla da kifayətlənməyib.

Elnurə Əhmədova hətta bacısına məxsus mənzili belə sataraq pulları rəfiqəsinə verib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sahilə Atamova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Elnurə Əhmədovanı 2001-ci ildən tanıdığını, həyat yoldaşının dostunun arvadı olduğunu, bir-birlərinin evinə gedib-gəldiklərini göstərib: “Namaz qılırdım, Elnurəni də öyrətmişdim. Bir yerdə Həcc ziyarətinə getmişdik. Pula ehtiyacım olduğundan müxtəlif vaxtlarda Elnurədən pul almışam. Elnurə müalicə xərclərimin ödənilməsinə kömək edirdi”.

Sahilə Atamova ona vergi verildiyini, səslər eşitdiyini, “xram”ın olması barədə deyilənləri cəfəngiyat adlandırıb.

Zərərçəkmiş Zəfər Quliyev bildirib ki, oğurluqla bağlı həyat yoldaşının ona “açar qapının üstündə qalıbmış” deməsinə inanıb. Hadisədən beş il sonra cütlük rəsmi qaydada ayrılıb. Elnurə Əhmədova keçmiş həyat yoldaşına hər şeyi etiraf edib: “Sahilə Elnurəyə deyib ki, qapını açıq qoyub getsin, onlar gəlib evi dağıdacaqlar, sonra “xram” özü hər şeyi həll edəcək. Deyirmiş ki, pul verməsən, qaynanan, ərin öləcək. Bu yolla da Elnurədən külli miqdarda pul qoparıb. Sahilə təxminən 130-140 min manat əmlakımızı ələ keçirib”.

Bundan başqa, Sahilə Atamovanın sosial şəbəkədə tanış olduğu Tural Həsənova da qarşı dələduzluq edib. Tural Həsənov üç-dörd il öncə Feysbuk sosial şəbəkəsində Günay Həsənova adlı şəxlə yazışmağa başlayıb.

2015-ci ilin ilin aprel ayında bir-iki dəfə görüşüb söhbət ediblər, bulvarda gəzişiblər. Sahilə Atamova uşağının xəstə olduğunu bildirərk ondan 14 min dollar pul alıb.


Müəllif: Hacı Zeynalov