23 Yanvar 2018 12:20
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1949-cu il təvəllüdlü Xanlar Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xanlar Həmidov 10 iyul 2017-ci il tarixdə saat 21 radələrində icarə əsasında işlətdiyi Yevlax rayonu Xaldan qəsəbəsi ərazisində “Ərik bağı” adlanan kafenin qarşısında rayonun Yenicə kənd sakini, 1973-cü il təvəllüdlü Qorxmaz Bəşirovla mübahisə edib.

Kafe sahibi ilə sərxoş müştəri arasında mübahisə 22 manat borc üstündə yaranıb. Kafedən çıxan Qorxmaz Bəşirovun bir neçə dəqiqə sonra oğlu Orxan Bəşirovla yenidən geri qayıtdığını görən Xanlar Həmidov ata-oğul tərəfindən döyüləcəyini düşünüb. Bu səbəbdən o, mətbəxdən götürdüyü bıçaqla bayıra çıxıb. Kafenin qarşısında yenidən mübahisə ediblər, əlbəyaxa olublar, hər ikisi yerə yıxılıb. Xanlar Həmidov bıçaqla Qorxmaz Bəşirovun sol bud nahiyəsinə zərbə vurub.

O, Qorxmaz Bəşirova xəsarət yetirdikdən sonra kafeyə girib. Həmin vaxt hava qaranlıq olduğundan hadisə yerində onları sakitləşdirən kafe işçisi İlqar Hacıyev və Qorxmaz Bəşirovun oğlu Orxan Bəşirov bıçaq xəsarəti yetirilməsini görməyiblər.

Evə gedərkən yolda Qorxmaz Bəşirov yerə yıxılıb. Orxan atasının bıçaq xəsarəti aldığını bilib, bu barədə Dağlar Həmidova məlumat verib. Onlar birlikdə Qorxmaz Bəşirovu Mingəçevir şəhər xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Xanlar Həmidova Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Həmidov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xanlar Həmidov apelyasiya şikayəti verib. O, barəsində aşağı həddə cəza təyin edilməsini istəyib. Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyətinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Müəllif: Hacı Zeynalov