23 Yanvar 2018 15:14
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis və prokurorluq orqanlarının təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 13-də Lənkəran rayonunun Liman şəhər sakinləri, 69 yaşlı Humay Qarayeva və onun 48 yaşlı qızı Səbirə Məmmədovanın ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri barədə məlumatla əlaqədar rayon polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb, Səbirə Məmmədova həmin gün, Humay isə yanvarın 20-də xəstəxanada ölüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin yanvarın 12-də itkin düşmüş şəxs kimi axtarışda olan Liman şəhər sakini, ruhi xəstə Fərrux Zeynalov tərəfindən törədilməsinə dair əsaslı şübhələr yarandığından, o, saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırmalarla Fərrux Zeynalovun yanvarın 14-də həmyerliləri Heybət Abdullayevə və Nəcəfqulu Həsənova da həm kəsici, həm də küt alətlə xəsarətlər yetirdiyi müəyyən edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov