23 Yanvar 2018 16:03
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ruslan Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ruslan Kərimov 10 avqust 2015-ci il tarixdə, gecə saat 01 radələrində özünə məxsus “QAZ-31105” markalı avtomobillə sərxoş vəziyyətdə Göyçay şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydasını pozub.

Nəticədə o, Validə Əhmədova və Murad Məhərrəmovu maşınla vurub. Validə Əhmədova hadisə yerində ölüb, Murad Məhərrəmov isə xəsarət alıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən Ruslan Kərimova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Kərimov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ruslan Kərimov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib.

Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiya təqsirləndirilən şəxsin apelyasiya şikayətini qismən təmin edib. Ruslan Kərimovun cəzası 5 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov