14 Fevral 09:40
337

Bakıda cəza çəkən erməni əsilli Marat Ueldanovun cəzaçəkmə müəssisəsində saxlanma rejiminin dəyişdirilməsi barədə məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Marat Ueldanovun apelyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Marat Ueldanovun şikayəti təmin edilməyib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Hökmdən sonra cəza çəkmə müəssisəinə göndərilən Marat Ueldanovun daha sonra saxlanma rejimi dəyişdirilib.

Belə ki, müəssisənin rəisi Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib.


Müəllif: Hacı Zeynalov