14 Fevral 2018 16:10
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gecə klubundan çıxan gəncə qarşı quldurluq etməkdə təqsirləndirilən Vahid Şirinov və Rəşad Məhərrəmovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Şirinov 6 il, Rəşad Məhərrəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində həbs olmayan cəza növünün tətbiq edilməsini istəyiblər.

İttihama görə, ötən ilin mayın 17-də Nizami rayonunun Keşlə qəsəbəsində təqsirləndirilən şəxslər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib və 800 manatını alıblar. İstintaq müəyyən edib ki, Vahid Şirinov və Rəşad Məhərrəmov birlikdə gecə klubunda istirahət edən zaman Vasif Namazovun ofisianta hesab verdiyini görüblər.

Vasif Namazov pulu cibindən çıxaranda Rəşad Məhərrəmov onda xeyli pul olduğunu müşahidə edib.

Rəşadla Vahid sonra həmin şəxsi qarət etməyi palanlaşdırıblar. Keşlədəki avtoyuma məntəqələrindən birində yuyucu işləyən Vahid Şirinov və Rəşad Vasifə yaxınlaşıblar. Gecə yarı küçədə Vasifin qarşısını kəsən quldurlar onun pulunu alaraq qaçıblar.

Təqsirləndirilən Rəşad Məhərrəmov hadisəyə belə aydınlıq gətirib: “Klubdan çıxanda Vasifdən 20 manat istədim. İçkili idim, dedim, borca 20 manat ver. Onu tanıyırdım, “Avromed”də işləyir. Dedi ki, problem yoxdur, gedək dükana, verim. Marketə girdik. Siqaret aldı və çıxanda gördüm ki, pul vermək istəmir. Əlimi saldım cibinə, pulu götürdüm. Onun cibində cəmi 450 manat vardı. Vahidə 5 manat verdim. Dedim ki, cibindən 10 manat çıxdı”.

Zərərçəkmişin pulunu götürən Rəşad yaşadığı Füzuli rayonuna qaçdığını, bir neçə gündən sonra həbs edildiyini deyib.

Digər təqsirləndirilən Vahid Şirinov törətdiyi əməli etiraf etməyib. O, quldurluq cinayəti törətmədiyini iddia edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov