15 Fevral 2018 16:49
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Çingiz Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb.

O bildirib ki, istintaq dövründə cinayət işi ilə bağlı olmayan şəxslər şahid qismində dindirilib: "Həmin şəxslər 2011-ci ildən əvvəl Çudo Peçka MMC-nin icarəyə götürdüyü mağazların sahibi olublar. Məhkəmədən xahiş edirəm həmin şəxslərin - İbrahim Qədimov, Duman Abbasov, Məhərrəm Bəykişiyev və digərlərinin adları şahidlər siyahısından çıxarılsın. Bu adamların bankdan kredit götürülməsi ilə bağlı heç bir əlaqəsi yoxdur".

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra şahid qismində Leyla Abbasova dindirilib. O, "Bank Standard"ın sabiq əməkdaşı, hazırda isə "PaşaBank"da filial müdri vəzifəsində çalışdığını deyib: "Çingiz Cəlilov heç vaxt bizim yanımıza gəlməyib, həmişə Səlim Krimanın otağında olub.

Sənədləri də biz ora aparırdıq. Bankın sistemində "provotka"nı işləmişəm. Çingiz müəllimin sürücüsü Aftandilin adına bankdan köçürülən 2 milyon 400 min manat pulla bağlı Çingiz Cəlilovun razılıq ərizəsinin yoxa çıxması barədə məlumatım yoxdur. Bu mənə də maraqlıdır. Çingiz Cəlilovun razılığı olmadan onun hesabından pul Aftandilin adına köçürülə bilməzdi".

Şahid qismində ifadə verən Elsevər Ələkbərov söyləyib ki, 2007-ci ildə Nizami rayonunda yerləşən şəxsi obyektini Çudo Peçka MMC-yə icarəyə verib: "Həmin yerdə şirkətin 9 ay mağazısı fəaliyyət göstərdi".

Digər şahid Səbuhi Əbilov isə 2008-ci ildən Çudo Peçka MMC-də mühasib işlədiyini, adına kredit götürülmədiyini söyləyib: "2011-ci ildə Çudo Peçka MMC "Beyker" şirkətinə təhvil veriləndə də orada mühasib kimi çalışmışam".

Növbəti iclas fevralın 22-nə təyin edilib.

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.


Müəllif: Hacı Zeynalov