15 Fevral 2018 17:22
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Blogger Mehman Qələndərovun intiharı ilə bağlı başlanan cinayət işinə xitam verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O vurğulayıb ki, ötən il aprelin 28-də intihar etmiş baş vermiş hadisə intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılıb: “İstintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırıldıqdan sonra həmin idarədə zəruri istintaq tədbirləri davam etdirilib. Yekunda, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq başlanmış cinayət işinin icraatına cinayət hadisəsi olmadığına görə xitam verilib”.

Qeyd edək ki, ötən il mayın 1-də Ədliyyə Nazirliyi və Baş Prokurorluq Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, 1977-ci il təvəllüdlü Bakı şəhəri sakini Mehman Qələndərov 7 fevral 2017-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bununla əlaqədar M.Qələndərov Bakı istintaq təcridxanasına yerləşdirilib.

İstintaqın gedişatında onun əməlləri göstərilən Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilib.

M.Qələndərov 28 aprel 2017-ci il tarixdə təcridxananın 2 saylı korpusun saxlanıldığı ikinəfərlik 57 nömrəli kamerasında yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb, saat 13:30 radələrində kamera yoldaşının yuxuya getdiyindən istifadə edərək həmin ipi pəncərənin dəmir barmaqlığına bağlayaraq özünü asmaqla intihar edib.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. İlkin araşdırmalarla Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən M.Qələndərova qarşı təzyiq göstərilməsi, işgəncələr verilməsi və yaxud hər hansı qanuna zidd hərəkətlərə yol verilməsi müəyyən edilməyib.

Bununla belə xidməti araşdırma zamanı vəzifələrin layiqincə yerinə yetirilməməsi, nəzarət işinin zəif olduğu ucbatından intihar faktının qarşısının alınmamasına görə təcridxananın nəzarətçisi və Tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub.


Müəllif: Teleqraf.com