19 Fevral 2018 13:14
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmə onu 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

Qeyd edək ki, prokuror Nuriyyə Ağayevanın 4 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.

O, zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pulunu alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyini vəd edib.

Bundan başqa, o, Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.

Nuriyyə Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

Qeyd edək ki, Nuriyyə Ağayeva filologiya üzrə fəlsəfə doktorudur, əməkdar müəllim fəxri adına layiq görülüb.


Müəllif: Hacı Zeynalov