20 Fevral 2018 12:02
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və bank əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Fərəh Rəşadətli ifadə verib.

Təqsirləndirilən şəxs bildirib ki, 2011-ci ilin sonunda Tural Axundov filiala gəlib və 150 min manat əmanət qoymaq istədiyini deyib: "Sonra gəlib dedi ki, şirkət açırlar, buna görə iki bankdan arayış lazımdır. Mən də ona arayış verdim. Sonra onların hesablarının bizim banka köçürülməsini qərara aldıq”.

Fərah Rəşadatli qeyd edib ki, əmanətin faizini ödəyə biməyib, bu səbəbdən zərərçəkmiş baş idarəyə şikayət edib: “Tural mənə dedi ki, sən kənara çəkil, biz pulu bankdan alacağıq. Nərimanov rayonunda iddia üzrə məhkəmə prosesləri keçirildi. Biz məhkəmələrə getmirdik. Sonra dedilər ki, işçilərin tutulacaq. Bu səbəbdən də mən hər şeyi öz boynuma götürdüm”.

Fərəh Rəşadətli daha sonra digər epizodlar üzrə ifadə verib. O, bildirib ki, işdə olan zərərçəkmişlər onun qohumlarıdır: “Dedim qohumlarımdır, yəqin məni tutdurmazlar”.

Növbəti proses martın 1-də davam edəcək.

Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov