21 Fevral 2018 09:28
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğına görə axtarışda olan və daha sonra həbs edilən Məmməd Vəliyev barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Məmməd Vəliyevin barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanda yanğın baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Hadisə nəticəsində insan itkisi baş verməyib. Xeyli sayda mənzil yararsız vəziyyətə düşüb.

Bu iş üzrə şirkətin rəhbəri kimi təqdim edilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs edilib. Bu şəxslərin məhkəməsi davam edərkən Nüsrət Muxtarov həbsxanada ürək tutmasından dünyasını dəyişib.

Həmin şəxslər binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunublar.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Fərid Sadıqov və Zaur Əşrəfov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Fərid Sadıqov istintaqa deyb ki, TNH şirkətinin rəhbəri deyil. O, Astoriya MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirərək TNH şirkətinin gerçək rəhbərinin Məmməd Vəliyev olduğunu bildirib.

Həmin ərəfədə Məmməd Vəliyev ölkəni tərk edib. Məhkəmə onun prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarıb.


Müəllif: Hacı Zeynalov