12 Mart 2018 15:38
2 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda qətl törətməkdə təqsirli bilinən Cavid Cəfərov, Qoçu Kərimov, Aqil Rüstəmov və Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

İttihama görə, 2016-cı il fevralın 25-dən itkin düşən 53 yaşlı Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Əliyevin meyiti Göygöl rayonunun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

Göygöl rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, hadisəni Balçılı kənd sakinləri - 29 yaşlı Cavid Cəfərov, 35 yaşlı Qoçu Kərimov, 32 yaşlı Aqil Rüstəmov və 26 yaşlı Xəyal Məmmədov törədib.

Məlum olub ki, Balçılı kənd sakini Cavid Cəfərov tanışı Eldar Əliyevlə aralarında borc pulla bağlı yaranmış narazılığa görə həmkəndliləri Qoçu Kərimov və Aqil Rüstəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında onu öldürməyi razılaşıblar.

Həmin məqsədlə, fevralın 15-də onlar 2 ədəd bel, 1 ədəd dəmir ling və 1 ədəd külüngü sonuncunun idarə etdiyi avtomobillə Axarca kəndi ərazisindəki meşədə gizlədiblər.

Bundan sonra, fevralın 25-də saat 18 radələrində Cavid Cəfərov Eldar Əliyevi nahar etmək adı ilə Aqil Rüstəmovun idarə etdiyi avtomobillə rayonun Balçılı kəndində “Nurəddin bulağı” adlanan əraziyə dəvət edib.

Burada yeyib içdikdən sonra sərxoş vəziyyətdə Cavid Cəfərovla Eldar Əliyev arasında mübahisə yaranıb. Mübahisə zamanı Cavid Cəfərov çəkiclə Eldar Əliyevin təpə nahiyəsinə iki dəfə vuraraq öldürüb və meyitini birlikdə Aqil Rüstəmovun idarə etdiyi avtomobilin yük yerinə qoyub, sonra Axarca kəndi istiqamətinə aparıblar.

Avtomobil nasaz vəziyyətə düşdüyündən meyiti oraya çağırılmış tanışları Xəyal Məmmədovun idarə etdiyi avtomobillə Axarca kənd ərazisindəki meşəlik sahəyə apararaq basdırıblar.

İstintaq araşdırması zamanı məlum olub ki, Qoçu Kərimov Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə axtarışda olub.

İş üzrə Cavid Cəfərov, Aqil Rüstəmov və Qoçu Kərimov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), Xəyal Məmmədov isə həmin məcəllənin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər özlərini günahkar biliblər.

Növbəti proses martın 16-da davam edəcək.


Müəllif: Hacı Zeynalov