13 Mart 2018 12:13
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxasarə Əliyeva ifadə verib.

O, təqsirləndirilən şəxslərdən Hikmət Nəcəflini tanıdığını deyib. Bildirib ki, Hikmət Nəcəfli qəzetdə haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, ondan 600 manat tələb edib.Sonda yazıların dərc edilməməsi üçün 200 manat verib.

Digər zərərçəkmiş Vasif Məmmədov bildirib ki, Tovuzda yaşıllaşdırma idarəsinin rəisi olub, barəsində qəzetdə və saytda şantaj xarakterli yazılar dərc olunub. Hikmət Nəcəfli ondan 1000 manat tələb edib.

Zərərçəkmiş Rasim Hüseynov bildirib ki barəsində qəzetdə yazılar dərc edilib, yazıların dərc olunmaması üçün 1500 manat istənilib. O, həmin pulu bankdan kredit götürərək verib.

Növbəti proses martın 27-də davam edəcək.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.


Müəllif: Hacı Zeynalov