13 Mart 2018 16:38
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Rəşid Şükürov ifadə verib.

O, qeyd edib ki, təqsirləndirilən şəxslərdən biri evindən oğurluq edib. Hadisə özü və ailə üzvləri evdə olan zaman baş verib: “Həmin şəxs evdən qaçan zaman ayağı ayaqqabısız idi. Evdən isə heç nə apara bilmədi. Hətta onun gödəkcəsi də evdə qaldı, telefonu isə qonşunun həyətinə düşmüşdü”.

Rəşid Şükürov qeyd edib ki, hadisədən sonra polislər təqsirləndirilən Renad Zahirovu evə gətirib. Zərərçəkmiş həmin vaxt təqsirləndirilən şəxsi tanımadığını deyib.

Daha sonra Rəşid Şükürovun həyat yoldaşı və qızı ifadə verib. Onlar evlərinə kiminsə oğurluğa girdiyini, səs-küydən sonra həmin şəxsin pəncərədən qaçdığını deyiblər.

Hakim təqsirləndirilən Renad Zahirovdan hadisə barədə soruşub. Lakin o, suala cavab verməyib.

Daha sonra şahid qismində ifadə verən Ramiq Nəsibov bildirib ki, Penitensiar Xidmətinin əməliyyat şöbəsinin rəisi, ədiliyyə mayorudur.

Şahidin sözlərinə görə, əməliyyat zamanı 8 saylı cəzaçəkmə müəssisinin kamerasında 2 telefon, qulaqcıq, adaptr və yaddaş kartı tapılıb.

Rəisin sözlərinə görə, əməliyyat keçirilən həmin kamerada 10 nəfər saxlanılıb: “Biz tapdıqlarımızı qanun çərçivəsində protokollaşdırdıq. Həmin zaman hal şahidi də gətirdik. Kamerada olan şəxslərdən soruşduq. Amma onlar bilmədiklərini dedilər”.

Penitensiar Xidmətinin digər əməkdaşları dindirilmə zamanı söyləyiblər ki, axtarış zamanı kamerada yalnız Araz Fərəcov olub: “Axtarış zamanı digər dustaqları kameradan çıxarmışdıq. Bu, rəhbərliyin göstərişi idi”.

Növbəti proses martın 27-də davam edəcək.

İttihama görə, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı müəssisəsində cəza çəkərkən, 2016-ci il dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə yaradıb .

Dəstə üzvləri Bakıda və bölgələrdə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

2017-ci aprelin 14-də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb. Onlar mütəşəkkil dəstənin həbsdə olan Araz Fərəcov tərəfindən yaradıldığını bildiriblər. Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola-ola cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiya edib.

Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Kritı Araz"kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.


Müəllif: Hacı Zeynalov