14 Mart 2018 10:10
3 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Arifə Abbaszadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Arifə Abbaszadə Azərbaycan vətəndaşı olan qadını aldadaraq Türkiyəyə aparıb. O, qadınları Türkiyədə dayə, xadimə və digər bu kimi işlərlə təmin edəcəyinə vəd verib.

Lakin qadınları otellərə yerləşdirəndən sonra onların ümumvətəndaşlıq sənədlərini əllərindən alıb. Sonra da qadınları ayrı-ayrı ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Zərərçəkmişlərin şikayəti əsasında Arifə Abbaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq dövründə və birinci instansiya məhkəməsi dövründə Arifə Abbaszadənin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arifə Abbaszadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalındaca həbs edilib.

Hökmdən narazı qalan Arifə Abaszadə apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini istəyib.

Apelyasiya instansiyasında Arifə Abbaszadənin şikayətinin dəlilləri müəyyən edilib.

Növbəti proses martın 27-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov