14 Mart 2018 16:51
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunun Qızılburun stansiyası ərazisində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Əliyev olduğu müəyyən edilib.

Axtarış zamanı ondan çəkisi 475 qram narkotik vasitə olan marixuana tutulub. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Narkotiklərlə bağlı daha bir əməliyyatı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Allahverdiyev həbs edilib. Ondan 480 qram marixuana götürülüb.

Oxşar əməliyyat paytaxtın Nəsimi rayonunda da keçirilib. 22-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Əkbərovdan 605 qram heroin götürülüb.


Müəllif: Hacı Zeynalov