15 Mart 2018 15:25
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mirvətova son söz deyiblər.

Onlar məhkəmədən bəraət verilməsini xahiş ediblər.

Bununla da məhkəmədə bütün təqsirləndirilən şəxslər son söz deyiblər.

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13 , Natiq Alıyevin 14, Fərhad Atayevin 7il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

Prokuror zamində olan Natəvan Mirvətovanın həbs edilməsini istəyib. Həmçinin təqsirləndirilən generalların rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi təklif edilib. Digər vəzifəli şəxslərinin rütbədən məhrum olunması təklifi də çıxışda yer alıb.

Prokuror təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi və zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunun tələblərinə uyğun qərar çıxarılmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını tələb edib.


Müəllif: Hacı Zeynalov