17 Mart 2018 11:08
3 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əxlaqsızlıq yuvaları saxlamaqda təqsirləndirilən Elşad Zamanovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Elşad Zamanovun vəkili Vasif İsrafilovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti təmin edilib. Səbail rayon Məhkəməsinin hökmü ləğv olunub və Elşad Zamanova bəraət verilib.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmü ilə Elşad Zamanovun aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilib.

İstintaq orqanı tərəfindən Elşad Zamanova qarşı Cinayət Məcəlləsinin 244-cü (əxlaqsız yuvaları saxlama) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, o, Səbail rayonu Gənclər küçəsində yerləşən 3 saylı binanın 16 saylı mənzilində gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.

16 dekabr 2016-cı il tarixdə saat 19 radələrində Cəlil Dadaşov fahişəliklə məşğul olan Mehri Əliyeva (ad-soyad şərtidir – red.) ilə həmin mənzilə gəlib. Mehri cinsi əlaqə müqabilində Cəlal Dadaşovdan 30 manat alıb.

Cəlil Dadaşov qadınla əlaqədə olmaq üçün Elşad Zamanova da pul verib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin gün saat 19.50-də qeyd olunan ünvanda əməliyyat keçirilib. Mehri Əliyevanın ödəniş müqabilində Cəlal Dadaşovla cinsi əlaqədə olması faktı aşkar edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Elşad Zamanov ona elan dilən ittihamda özünü təqsirli bilməyib.

O göstərib ki, 13 dekabr 2016-cı il tarixdə günorta saatlarında istifadəsində olan mobil telefonuna bir müddət əvvəl internetdə tanış olduğu Cəlal adlı şəxs zəng edib və kirayə ev istədiyini bildirib.

O qeyd edib ki, Cəlal kirayə ev istəməsi barədə elan verib: “Mən də Cəlala zəng etdim, kirayəyə ev verdiyimi dedim. Danışıqdan üç gün sonra Cəlal mənə zəng vurdu və evə baxmaq istədiyini dedi. Cəlal 30-35 yaşlarında qadınla gəldi. Onlarla bir yerdə kirayə vermək istədiyim evə getdik. Cəlal yanındakı xanımla həmin evə baxdılar və xoşlarına gəldi. Cəlal evi 200 manata götürməyə razılaşdı, 30 manat beh verdi. Yanında olan xanım isə yataq otağına daxil oldu.

Mən Cəlalla mənzilin dəhlizində dayandım. Cəlal dedi ki, digər ev əşyalarını gətirəndən sonra evə köçəcək. Mənə 30 manatı verəndən sonra yataq otağına daxil oldu ki, qadını çağırsın. Mən də eyvanın işığını söndürmək üçün eyvana çıxdım. Geri qayıdanda özlərini İnsan Alveri İdarəsinin əməkdaşı kimi təqdim edən şəxslər məni tutdular və idarəyə apardılar”.


Müəllif: Hacı Zeynalov