8 Avqust 2014 13:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunan “Kapitalbank”ın vəzifəli şəxsi Faiq Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Faiq Məmmədov 2007 və 2008-ci ildə “Kapitalbank”ın Sabunçu və Suraxanı filiallarına müraciət edən müştərilərin banka ödəməli olan pullarını mənimsəyib.

Bankın 2013-cü ildə bankın daxilində aparılan audit yoxlamalar nəticəsində Faiq Məmmədovun kredit götürən müştərilərin banka ödəməli olduqları pulları mənimsəməsi məlum olub. O, müştərilərdən aldığı pulları bankın kompüter sisteminə köçürməyib. Yoxlamaların nəticəsində toplanan materiallar araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. İdarədə aparılan təhqiqat nəticəsində Faiq Məmmədovun barəsində cinayət işi başlanıb və o, həbs edilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Faiq Məmmədova hökm oxunub. Məhkəmənin hökmü ilə Faiq Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...