15 Aprel 14:44

Sumqayıt şəhərində qətldə təqsirləndirilən 1988-ci il təvəllüdlü Teymur Sadıqovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, hadisə ötən il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədildiyi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilib ki, Taleh Babazadə hadisə yerinə yollanmazdan əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Teymur Sadıqov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Prosesdə təqsirləndirilən şəcsin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Növbəti proses aprelin 25-də davam edəcək.


Müəllif: Hacı Zeynalov
Загрузка...