18 Aprel 2018 11:43
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sevgilisini öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, Ermənistan rayonunun Quqark rayonunda anadan olub. Onun vəkili cinayət işinin baxışa verilməsinə etiraz edib və istintaq zamanı müvəkkilinin müdafiə hüququnun pozulduğunu bildirib.

Fərhad Şaqaliyev deyib ki, istintaq zamanı ümumiyyətlə vəkili olmayıb və iş onun müdafiəçisi olmadan aparılıb.

Məhkəmə vəsatəti təmin etməyib, cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses aprelin 25-də davam edəcək.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, 2017-ci il oktyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsindəki mənzildə paytaxt sakini Fərhad Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə vaxtı o, sərxoş vəziyyətdə olub.

Belə ki, bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb.

Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb.

Növbəti dəfə eyni mövzuda mübahisə zamanı Fərhad Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını boğazına dirəyərək boğub. Hadisə Gülnarə Sadıqovanın azyaşlı oğlunun gözü qarşısında baş verib.

Qətldən sonra Fərhad Şaqaliyev azyaşlı uşağı da götürərək Sabunçu rayon Polis idarəsinə gəlib. O könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib.

Müəyyən edilib ki, Fərhad Gülnarənin 3-cü həyat yoldaşıdır. Hadisəni törədən Fərhad Şaqaliyev isə kiçik sahibkardır.


Müəllif: Hacı Zeynalov