18 Aprel 2018 12:40
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində “Caspian Fish” əməkdaşı Gülməmməd Muradov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Fərhad Məmmədxanovu Su Nəqliyyatı Polis İdarəsində rəis olan vaxtı tanıyıb.

Şahidin sözlərinə görə, həmin vaxt müsadirə olan balıqları Fərhad Məmmədxanovun rəhbərlik etdiyi qrup onlara təhvil veririblər: “O vaxtdan Fərhad müəllimlə aramızda münasibət yarandı. Bir gün Fərhad mənə dedi ki, bir hacı dostu var, iş qurmaq üçün pul təklif edir. Mən də onunla razılaşdım”.

Şahidin sözlərinə görə, bundan sonra iş qurmaq üçün rayonda böyük ferma tikiblər: “Sonra bir gün Fərhad gəldi ki, hacıya pul lazımdır, 50 min düzəldərək, verdim. Bir müddət keçdi, yenə Fərhad hacıya pul lazım olduğunu söylədi. Ona 100 min verdim. Bütün bu pulları qohum-əqrabadan yığaraq, ona vermişəm”.

Fərhad Məmmədxanova bildirib ki, dövlətə hər zaman sədaqətli olub: "38 ilimi orqana sərf eləmişəm. Kişi kimi işləmişəm, dövlətimə xidmət etmişəm. İndi mən danışsam, onda nə olacaq? Kimdir məni qulaq asan? Hər şey hazırdır, həbsdə olan adamam. Eldarla dost olmuşam. Ailəli dostluğumuz vardı. Hacı adamdır, mən yenə deyirəm, borcum var. Amma o qədər deyil. Balam ağır xəstədir. Buraxın, xəstə balamın yanına gedim. Quran gətirin, əl basım ki, borcumu verəcəm. Burda gəlib ifadə verən hacı yaxşı adamadır”.

Hakim bildirib ki, bura şəriət məhkəməsi deyil: “Quran bizim üçün müqəddəsdir. Lakin biz işə onun əsasında yox, qanunvericliyi əsasən baxırıq”.

Daha sonra zərərçəkmiş Hacı Eldar Hənəfiyev bildirib ki, təqsirləndirilən şəxs əvvəlcədən borcu olduğunu desəydi, indi mələsə bura qədər çatmazdı: "Onun uşağı xəstə olsa, birinci mən yanına gedirəm. Ailəsi dolana bilmirsə, kömək edərəm. Mənim heç kimi tutdurmaq bir niyyətim yoxdur. Sadəcə mənə qarşı bunlar qarayaxma etdilər. Biri məni faiz verən çıxartdı. Versəm heç kimdən qorxmaram. Həmin pul böyük puldur, lakin o boyda mənim üçün böyük deyil. Bunun 5-10 il içəridə yatması, mənə heç nə vermir”.

Növbəti proses aprelin 25-də davam edəcək.

İttihama görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Fərhad Məmmədxanov bir neçə vətəndaşdan işə düzəltmək adı ilə ümumilikdə 800 min manat alıb. O, həmçinin telefon mağazasından “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınıb.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi, polis pokovniki Fərhad Məmmədxanov həbs edilməmişdən 8 ay öncə təqaüdə çıxıb.


Müəllif: Hacı Zeynalov