19 Aprel 2018 12:19
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda toy mərasimində dava salan rayon sakini Vilayət Məmmədovun cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vilayət Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarəti altında seçilmiş qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından həbs olunub.

Vilayət Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

İttihama görə, Vilayət Məmmədov ötən il Şabran rayonunda iştirak etdiyi toy məclisində tanışı Roman Dəmirovla mübahisə edib. Onlar şadlıq sarayından çıxaraq mübahisəni davam etdiriblər. Vilayət Məmmədov restorandan götürdüyü bıçaqla Roman Dəmirova zərbə endirib.

Roman Dəmirov xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisə zamanı hər iki şəxs içkili olub.


Müəllif: Hacı Zeynalov