19 Aprel 2018 12:40
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elvin Səfərov ifadə verib.

Təqsirləndirilən Çingiz Cəlilovun vəkili Janna Bağırovanın vəsatəti əsasında məhkəməyə dəvət edilən ekspertin rəyinə əsasən, müvəkkilinə ümumilikdə 13 milyon manat mənimsənilmə ittihamı verilib.

Vəkil ekspertə 5 sualının olduğu və cavabların yazılı şəkildə verilməsi barədə vəsatət qaldırıb.

Elvin Səfərov bildirib ki, vəkilin suallarına hazırki vaxtda yazılı şəkildə cavab verməsi mümkün deyil. O deyib ki, vəkilin fikirlərindən yenidən ekspertiza təyin edilməsinin istənildiyini başa düşüb: “Yazdığım rəyə cavabdehəm. Lakin burda elə suallar var ki, mən yenidən həmin iş materiallarına baxım ki, sizin suallarına cavab verə bilim. Bu o deməkdir ki, iş idarəyə qaytarılmalıdır”.

Məhkəmə vəkilin bu vəsatətini təmin etməyib. Hakim bildirib ki, ekspert suallara şifahi cavab verməlidir.

Növbəti proses aprelin 26-da davam edəcək.

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.


Müəllif: Hacı Zeynalov