19 Aprel 2018 18:18
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barəsində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə çıxış edən Azər Mehdiyevin vəkili apelyasiya şikayətinin dəlilləri üzrə çıxış edib.

O, bildirib ki, müdafiə etdiyi şəxsə qarşı verilən ittihamlar ziddiyyətlidir. Onun sözlərinə görə, Azər Mehdiyevin kimi isə qanunsuz olaraq azadlıqdan məhrum etməsi sübuta yetirilməyib.

Vəkil həmçinin Azər Mehdiyevin zərərçəkmiş Maqsud Mahmudovdan hədə-qorxu yolu ilə pul tələb edərək, alması barədə yazılan ittihamı da əsassız hesab edib: "Ondan Azər Mehdiyevin pul alması heç bir şahid ifadəsində təsdiq edilməyib. Maqsud Mahmudovun pisixi problemləri olub, bununla bağlı da müalicə alıb. Onun ifadəsini əsas kimi götürmək olmaz".

Vəkil çıxışının sonunda müvəkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Elçin Quliyevin vəkili Ziyad Əliyev çıxış esib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs xidmətlərinə görə dəfələrlə təltif edilib, milli qəhrəman statusu alıb: "Sonradan isə heç bir əsaslı səbəb olmadan ağır cinayətlərdə ittiham edilib. Bu ittihamların heç bir əsası yoxdur".

Vəkil qeyd edib ki, müvəkkilinin MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırması barədə verilən ittihamın da əsası yoxdur: "Elçin Quliyevlə Malik Mustafayev MTN-də ayrı-ayrı qurumlarda işləyiblər. Bir-birindən asılı vəziyyətdə olmayıblar. Onların hər ikisi MTN-nin rəhbərinə tabe olublar. Malik Mustafayevin intihar etməsi barədə Xətai rayon Prokurorluğunda araşdırma aparılıb, ailə üzvləri dindirilib. O, intihar edəndən sonra məktubu tapılıb. Həmin məktubda qeyd edib ki, qardaşı Mətləb Mustafayevin məhkəmə işindən xəbəri olmayıb, haqqınızı halal edin, məni Biləcəri qəbiristanlığında dəfin edin. Bundan başqa işdə hər hansı bir qeyd yoxdur. Malik Mustafayevin qardaşı ilə danışığı olmayıb. Mətləb Mustafayevin silah saxlaması, həbs edilməsi barədə göstərişi nazir verib. Bunun Elçin Quliyevlə heç bir əlaqəsi yoxdur".

Zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, Elçin Quliyev və İlqar Əliyevin göstərişi ilə həbs edilib. Onun sözlərinə görə, həbs ediləndən sonra, yəni 2014-cü ildə qardaşı Malik Mustafayev MTN-də olub: "Rəsmi sənədlərdən görünür ki, Malik 3 saata yaxın MTN-də olub. Onun 20 dəqiqəsini mənimlə görüşüb, qalan vaxtı isə Elçin Quliyevin qəbulunda olub. Elçin Quliuev Malikə deyib ki, qardaşını başa sal, sonra görüşərik. Malikin intihar etməsinə bu kimi təzyiqlər olub. İntihar etməsəydi, şərləyib tutacaqdılar. Bu işdə Eldar Mahmudov da, Mövlan Şıxəliyev də günahkardırlar. Dəfələrlə onların dindirilməsini istəmişəm. Bu iki şəxs də həsb edilməlidir".

Mətləb Mustafayev çıxışının sonunda Elçin Quliyevin apelyasiya şikayətinin təmin edilməməsini, Azər Mehdiyevin isə şikayətinin təmin edilməsini istəyib.

Sonra çıxış edən prokuror hökmün qüvvədə saxlanılmasını tələb edib.

Müşavirə keçirən hakimlərin qərarı ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.

Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.
Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb.


Müəllif: Hacı Zeynalov