20 Aprel 2018 13:54
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:52

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Zöhrab Şirinov vəkilin suallarına cavab verib.

O, istintaq zamanı işgəncəyə məruz qaldığını bildirib:

“İşgəncələrə dözmədim, məcbur sənədlərə imza etdim. Çünki başqa çıxış yolum yox idi. Əgər orada qol çəksəydim, bu gün burada ayaq üstə dayanaraq, danışa bilməzdim. O kağıza qol çəkəndən sonra da mənə sui-qəsd ittihamı verildi”.

Zöhrab Şirinov bildirib ki, ibtidai istintaq zamanı onun vəkili olmayıb:

“Hər şeyi öz qaydaları ilə həll etdilər. Mənim Arif Alışanovu öldürmək fikrim və ya planım olmayıb. Bunlar hamısı uydurmadır".

Daha sonra Arif Alışanovun vəkili təqsirləndirilən Zöhrab Şirinova suallar ünvanlayıb. Bu zaman cavab təqsirləndirilən şəxs suallara cavab verməkdən imtina edib.

Zöhrab Şirinov bildirib ki, zərərçəkmiş Arif Alışanov məhkəməyə gəlməmiş suallara cavab verməyəcək.

Təqsirləndirilən Sücayət Əkbərov da bildirib ki, Arif Alışanovun ona borcu var. O, bu zaman əsəbləşərək Arif Alışanovun vəkilini təhqir edib.

Məhkəmə Sücayət Əkbərova xəbərdarlıq edib.

Hazırda proses davam edir.

***

AZ TV sədri Arif Alişanovu öldürməyə cəhd planında iştirak etdiyi üçün həbs edilən Aqşin Hüseynov məhkəmədə ifadə verib.

O qeyd edib ki, Sücayət Əkbərovun sürücüsü olub.

Prokuror Aqşin Hüseynova sual verəndə Şücayət Əkbərovun müdaxilə etməsi prosesdə gərginliyə səbəb olub. Bu zaman təqsirləndirilən Qoçəli Cəbiyevin zalda əyləşən oğlu ilə zərərçəkmiş Arif Alişanovun qohumu Dəyanət Cəfərovu təhqir edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Hakim Qoçəli Cəbiyevin oğlunu məhkəmə zalından çıxarıb.

Daha sonra təqsirləndirilən şəxslər Şücayət Əkbərov, Qoçalı Cəbiyev və Zöhrab Şirinov məhkəmə tərkibinə yazılı etiraz veriblər. Onlar bu hakim heyətinin işə baxmasını istəməyiblər. Təqsirləndirilən şəxslərin etirazları məhkəmə tərəfindən baxılmamış saxlanılıb.

Sonra Şücayət Əkbərovun vəkili Arif Alışanovun məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Hakim bildirib ki, hələ iki zərərçəkmiş var, onlar dindirildikdən sonra digər zərərçəkmişlər də çağırılacaq.

Növbəti proses mayın 4-də davam edəcək.

İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.

Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.

Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.

Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb

Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb

Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb.


Müəllif: Hacı Zeynalov